Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Batman °C

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
REKLAM ALANI
03.02.2023
A+
A-

 

 

 

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
2023,

 

 

 

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlamaq istərdim, Azərbaycana xoş gəlmisiniz. Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.

Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.

İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına.

Hörmətli qonağımız sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir. Əlbəttə, Buxarestdə bizim əsas tədbirimiz yaşıl enerji ilə bağlı idi. Bu istiqamətdə də çox önəmli addım atılmışdır və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.

Bir sözlə, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Sizə “xoş gəlmisiniz” deyirəm.

X X X

Sonra Rumıniya Prezidenti bəyanatla çıxış edib.

Prezident Klaus Yohannisin bəyanatı

-Cənab Prezident, təşəkkür edirəm.

Bu gün burada olmağımdan böyük şərəf duyuram. Bu, mənim ölkənizə ilk rəsmi səfərimdir. Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Dəvətə və qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkür edirəm.

Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır.

Bu gün cənab Prezident İlham Əliyevlə biz mühüm siyasi məsləhətləşmələr apardıq. Sabah mən cənab Prezidentlə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcəyəm.

Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər etdi. Həmin səfər zamanı biz dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq.

Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq.

Mən cənab Prezidentə təşəkkür edirəm ki, Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Hər ikisi – Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik.

Rəqəmsallaşma layihələri də bizim üçün maraq kəsb edir. Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. Biz bunu cənab Prezidentlə Buxarestdə də müzakirə etmişik.

Cənab Prezident, Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik.

Sonuncu məsələlərdən biri də Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti cənab Əliyevlə müzakirə etdik. Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik. Bununla da regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır. Biz Azərbaycanın etibarlı tərəfdaş olaraq belə layihələri gələcəkdə də irəli sürəcəyinə əminik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Böyük ölçüdə video

 

 

 

Böyük ölçüdə şəkillər

 

BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/58805

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.